“Bir vaxtlar Azərbaycandan Türkiyəyə təyyarə ilə gəlib getmək çox məsrəf tələb edirdi. Təsəvvür edin ki, bir nəfərlik təyyarə biletinin qiyməti az qala min dollar idi. O vaxt mən Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri olaraq qatıldığım görüşlərdən birində bu problemi qaldırdım”.
Bu sözləri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik yanında Turizm Tanıtım yə İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkəyə səfər edən azərbaycanlı jurnalistlərə açıqlamasında İzmir vilayəti Mədəniyyət və Turizm İdarəsinin başqanı, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri Murad Qaraçanta deyib. O əlavə edib ki, Avropadan istənilən şəxs min dollara gediş-dönüş bileti, üstündə də 1 həftəlik istirahət paketi alıb gəldiyi halda, Azərbaycandan Türkiyəyə bu pula sadəcə təyyarə bileti almaq olurdu. Bu məsələ qaldırılandan sonra biletlərin qiyməti xeyli aşağı salınıb. “Bundan sonra azərbaycanlı jurnalistlər üçün bir neçə dəfə Türkiyəyə mediaturlar təşkil etdim, millət vəkillərini göndərdim. O vaxtlar demək olar ki, Azərbaycanda İzmiri tanımırdılar. Tanıyıb bildikləri yerlər İstanbul, Ankara, Antalya, bu tərəflərdə də Quş adası və sair idi. Bizim səylərdən sonra İzmirə gələn azərbaycanlıların sayı 4 mindən 25 minədək artıb. Bu gün çox sevindirici haldır ki, Azərbaycandan gəlib məhz İzmirdə istirahət edirlər”, - deyib Mədəniyyət və Turizm İdrəsinin başqanı.
M.Qaraçanta bildirib ki, əslində İzmir vilayətinin ərazisində turistlərin görə biləcəyi hər şey mövcuddur. Məsələn, vilayətin 622 kilometr dəniz sahili, o cümlədən 66 mavi bayraqlı çimərliyi mövcuddur. “UNESCO-nun mədəni irs siyahısında İzmir vilayətinə məxsus çox sayda abidə var. Qısası, termal təsislərdən ekoturizmədək, sənət sahələrinədək hər nə arasan İzmirdə görə bilərsən” deyən M.Karaçanta bizim vasitəmizlə Azərbaycan turistlərini İzmirə dəvət elədi.
Murat bəy bildirdi ki, o, özü də əslən Azərbaycan türküdür, nənə-babaları 1925-ci ildə Ermənistandan – Gümrüdən Türkiyənin Qars vilayətinə köçüblər və bu gün də onun yaxın qohumları Bakıda, Gəncədə, Mingəçevirdə, Sumqayıtda yaşamaqdadırlar.

“Pandemiya səbəbindən turistlərin sayında azalma var. Amma 2019-cu ildə İzmirdə 1,2 milyondan artıq əcnəbi, 6 milyon civarında yerli turisti qəbul eləmişik ki, bu da toplamda 8 milyon gecələmə deməkdir. Bizim turizm sektorunda bəzi sıxıntılar var. Məsələn, hazırda İzmir vilayətində cəmi 40 min yataq mövcuddur. Hansı ki, Antalyada bu say yarım milyona yaxındır. Əlbəttə, bizdə də bu istiqamətdə ciddi işlər gedir. Xüsusilə də Çeşmədə böyük istirahət kompleksləri yaradılır ki, bu da yataq sayını ən azı 100 minə yüksəldəcək. Qarşımıza məqsəd qoymuşuq ki, vilayətə ildə 4 milyon əcnəbi turist cəlb edək. Əslində 2020-ci ildə İzmirə gələcək turistlərin sayının 30-40 faiz artacağını proqnozlaşdırmışdıq, amma məlum pandemiya səbəbilə nəinki artmadı, əksinə, əvvəlki illə müayisədə 80 faiz daha az – hardasa 300 min civarında turist qəbul edə bildik” deyən M.Karaçantanın sözlərinə görə, bütün bunlara baxmayaraq, Türkiyə başqa ölkələrlə müqayisədə pandemiyadan daha az zərərlə çıxmadadır. Çünki, 2020-ci ildə ölkəyə 16 milyon turistin gəlməsinə nail olunub. Bu da pandemiyanın zərbəsi altında qalmış İtaliya, İspaniya, Fransa və sairlə müqayisədə kifayət qədər yaxşı göstəricidir.

“Amma bu il vəziyyət tamam başqa cür olmalıdır. Pandemiyanın davam etdiyini nəzərə alaraq bu il ölkəyə 30 milyon turistin cəlb edilməsi kimi bir fikrimiz var. Təbii ki, bu, İzmirdə də turist sayının ikiqat artması demək olacaq. Hələ koronavirus problemi aradan qalxsın, turizm sektorunda partlayış olacaq. İnsanlar təcrid vəziyyətindədir, canları boğazlarına yığılıb, qadağalar qaldırılan kimi hamı səfərə, istirahətə yollanacaq və bu mənada Türkiyəyə böyük axın başlayacaq” deyən M.Karaçanta, İzmir vilayətindəki mövcud yataq azlığının qarşıya qoyulan planları icrasına hələlik mane olduğunu diqətə çatdırıb. Hətta bu müstəvidə bir misal da çəkib: “Təsəvvür edin, Ukraynadan son 1 ildə Türkiyəyə 1 milyon 250 min turist gəlib. Böyük rəqəmdir. Amma bu qədər turistdən cəmi 4 min nəfəri məhz İzmiri seçib. Turoperatorlar deyir ki, bizə 100 minlik yataq təminatı verin, Kiyevdən gələn turistlərin bir hissəsinin üzünü çevirək İzmirə. Amma necə edək, onların tələbini yerinə yetirə bilmirik”.